Arduino layihələrini kəşf et
Başlanğıcdan qabaqcıla, dövrə sxemli, kodlu və videolu yüzlərlə layihə. Hansı səviyyədəsənsə, ordan başla.

ESP32 ilə LED yandırma
ESP32 ilə əsas GPIO çıxışından istifadəni öyrədir. LED-i rəqəmsal pindən yandırıb söndürərək yanıb-sönmə effekti əldə edirik. Arduino UNO-dakı klassik blink layihəsinin ESP32 versiyasıdır; Arduino mühitindəki əsas blink əmrləri eynidir, lakin ESP32-nin pin yerləşməsi və 3,3 V GPIO səviyyələri Arduino UNO-dan fərqlidir.

ESP32 ilə düymədən LED idarəsi (Push)
Düymə basılı saxlananda LED yanır, buraxılanda sönür. ESP32-nin rəqəmsal giriş pinindən və daxili pull-up rezistorundan necə istifadə olunduğunu göstərir. INPUT_PULLUP rejimi sayəsində xarici rezistor lazım deyil.

ESP32 ilə düymədən LED idarəsi (Toggle)
Düyməyə hər basanda LED-in vəziyyəti dəyişir: yanırsa sönür, sönükdürsə yanır. Klassik toggle (keçid) nümunəsi. Debounce (sıçrama önləmə) ilə düymənin mexaniki küyünü təmizləyərək bir basışda bir dəyişiklik təmin edirik.

ESP32 daxili LED yandırma
ESP32 DevKit V1 üzərindəki daxili (built-in) göy LED-i yanıb-söndürmək. Heç bir xarici komponent lazım deyil! ESP32 alanda ilk sınamalı layihə. GPIO 2 daxili LED-ə qoşulub.

ESP32 svetofor
Qırmızı-sarı-yaşıl 3 LED ilə real svetofor simulyasiyası. Müddətlər real yol hərəkəti məntiqinə yaxındır: qırmızı uzun, sarı qısa, yaşıl uzun. Ardıcıl GPIO idarəsinin klassik nümunəsi.

ESP32 qaçan işıq
6 LED-in ardıcıl olaraq soldan sağa, sağdan sola hərəkəti (Knight Rider üslubu). For dövrü və massiv (array) istifadəsinin əsas nümunəsi. İstiqamət dəyişmə məntiqini öyrədir.

ESP32 PWM ilə LED sönməsi (Fade)
LED-in parlaqlığını yumşaq şəkildə 0-dan maksimuma, maksimumdan 0-a dəyişmək. Arduino-dakı kimi analogWrite() ilə PWM idarəsi edirik — ESP32 Arduino Core 3.0+ ilə eyni sintaksis problemsiz işləyir. Pin təyini + pinMode + analogWrite kifayətdir.

ESP32 RGB LED idarəsi
3 ayrı LED əvəzinə tək RGB LED ilə qeyri-məhdud rəng yaratmaq. Arduino-dakı kimi analogWrite() ilə R/G/B dəyərlərini tənzimləyərək göy qurşağı keçidi edirik. Rəng nəzəriyyəsi (red+green=yellow kimi) praktik olaraq görünür.

ESP32 LDR modulu ilə işıq şiddətinin oxunması
LDR modulunun xam ADC dəyərini və qaranlıq/işıqlı istinadlara görə hesablanan nisbi işıq faizini Serial Monitor-da real vaxtda izləmək. Bu faiz lux ölçməsi deyil. Modulun kalibrləmə məntiqini öyrədir. 10-cu layihədən əvvəl etmək idealdır; çünki hədd dəyərini müəyyən etmək üçün istifadə olunur.

ESP32 Async veb server (LCD-də IP göstəricili)
Bu layihədə ESP32-ni eyni Wi-Fi şəbəkəsindəki telefonundan və ya kompüterindən idarə edə biləcəyin asinxron veb serverə çeviririk. ESPAsyncWebServer kitabxanası sayəsində server bir neçə sorğunu eyni anda emal edə bilir (klassik WebServer.h kimi tək sorğuda bloklamır). Brauzerdən ESP32-nin IP ünvanına qoşulub ON/OFF düymələrinə basaraq (/on və /off ünvanları) GPIO 5-ə qoşulu LED-i yandırıb söndürə biləcəksən.

ESP32 IoT lampa açarı (rele)
Lampanı harada olursan ol telefondan yandır, söndür. Bu layihə tətbiqdəki Rele ilə lampa IoT şablonunun addım-addım bələdçisidir: ESP32 və rele modulu ilə qurulur, əvvəlcə LED ilə yoxlanılır. Emalatxanam › Cihazlarım › Yeni cihaz əlavə et yolunu izlə, Rele ilə lampa-nı seç; kodu Ohmi sənin cihaz açarınla hazırlayır. Bu səhifədəki kod nümunədir: açar və Wi-Fi məlumatları yer tutucudur.

ESP32 IoT RGB LED lent (WS2812B)
Otağın işığını telefondan idarə et: rəngi seç, parlaqlığı tənzimlə, göy qurşağı və ya nəfəs effektini aç. Bu layihə tətbiqdəki RGB LED lent IoT şablonunun addım-addım bələdçisidir: ESP32 və 30 LED-lik WS2812B lent ilə üç naqillə qurulur. Emalatxanam › Cihazlarım › Yeni cihaz əlavə et yolunu izlə, RGB LED lent-i seç; kodu Ohmi sənin cihaz açarınla hazırlayır. Bu səhifədəki kod nümunədir: açar və Wi-Fi məlumatları yer tutucudur.
