Hansı Arduino-nu almalıyam? Uno, Nano, Mega və Leonardo fərqi
Arduino Uno ilə Mega arasında fərq nədir? Uno, Nano, Mega 2560 və Leonardo-nun pin, yaddaş və istifadə müqayisəsi; ESP32 və Pico nə vaxt daha yaxşıdır?
Arduino ilə başlayanda ilk sual adətən belə olur: Hansı plata almalıyam? Uno, Nano, Mega və Leonardo eyni Arduino IDE ilə proqramlaşdırılır və kodların çoxu hamısında işləyir. Fərqlər pin sayında, yaddaşda, ölçüdə və bəzi xüsusi imkanlardadır. Bu bələdçidə platalari yan-yana qoyub hansı halda hansının seçiləcəyini izah edirik.



Qısa cavab
- İlk platanı alırsansa: Arduino Uno.
- Breadboard üzərində qalıcı, kiçik layihə quracaqsansa: Arduino Nano.
- Çoxlu pin, bir neçə serial cihaz və ya böyük proqram lazımdırsa: Arduino Mega 2560.
- Kompüterə klaviatura/siçan kimi qoşulacaq cihaz düzəldəcəksənsə: Arduino Leonardo.
- Wi-Fi və ya Bluetooth lazımdırsa: Arduino əvəzinə ESP32.
Müqayisə cədvəli
| Xüsusiyyət | Uno R3 | Nano | Mega 2560 | Leonardo |
|---|---|---|---|---|
| Mikrokontroller | ATmega328P | ATmega328P | ATmega2560 | ATmega32U4 |
| Proqram yaddaşı | 32 KB | 32 KB | 256 KB | 32 KB |
| RAM | 2 KB | 2 KB | 8 KB | 2,5 KB |
| Rəqəmsal pin (PWM) | 14 (6) | 14 (6) | 54 (15) | 20 (7) |
| Analoq giriş | 6 | 8 | 16 | 12 |
| Aparat serial portu | 1 | 1 | 4 | 1 + USB |
| Ölçü | 68 × 53 mm | 45 × 18 mm | 101 × 53 mm | 68 × 53 mm |
| Şild uyğunluğu | Tam | Yoxdur | Çoxu | Çoxu |
Arduino Uno: başlanğıc standartı
Uno Arduino-nun ən çox istifadə olunan platasıdır. İnternetdəki nümunələrin, dərslərin və şildlərin demək olar ki, hamısı Uno üçün yazılır. 5 V ilə işlədiyi üçün sensor və modulların çoxu birbaşa qoşulur; kiçik qoşulma səhvlərinə qarşı da kifayət qədər davamlıdır. Yeganə çatışmazlığı böyük layihələrdə pinlərin və 2 KB RAM-ın çatmamasıdır.
Arduino Nano: Uno-nun kiçik qardaşı
Nano Uno ilə eyni çipdən istifadə edir; Uno üçün yazılmış kod dəyişmədən işləyir. Baş barmaq boyundadır və birbaşa breadboard-a taxılır. Əlavə olaraq A6 və A7 analoq girişləri var (bu iki pin yalnız analoq oxuma edə bilər). Şild taxmaq olmur; buna görə prototipdən sonra qutuya sığacaq qalıcı layihələr üçün idealdır.
Arduino Mega 2560: pin və yaddaş canavarı
Mega-nı seçməyin üç əsas səbəbi var: 54 rəqəmsal və 16 analoq pin, 4 aparat serial portu və Uno-nun 8 qatı proqram yaddaşı. GPS, Bluetooth və RFID kimi bir neçə serial cihazı eyni anda qoşa, böyük kitabxanalar və uzun kodlarla işləyə bilərsən. 3D printer platalarının (RAMPS) əsasında da Mega durur.
Arduino Leonardo: klaviatura və siçan ola bilən plata
Leonardo-nun ATmega32U4 çipində USB birbaşa daxil edilib. Bu sayədə plata kompüterə klaviatura, siçan və ya oyun qolu kimi tanıdıla bilər (Keyboard.h və Mouse.h kitabxanaları). Makro düymə paneli, təqdimat pultu və ya oyun kontrolleri düzəltmək üçün idealdır. Şildlərin çoxu uyğun gəlir, amma I2C pinləri fərqli yerdədir.

ESP32 və Raspberry Pi Pico nə vaxt daha yaxşıdır?


| Ehtiyacın | Tövsiyə olunan plata | Niyə? |
|---|---|---|
| Telefondan idarə, internetə məlumat göndərmə | ESP32 | Daxili Wi-Fi və Bluetooth, 240 MHz ikinüvəli |
| Batareya ilə aylarla işləyən sensor | ESP32 | Deep sleep rejimində çox aşağı sərfiyyat |
| Python ilə öyrənmək | Raspberry Pi Pico | MicroPython, çox ucuz |
| Kamera, təsvir emalı | Raspberry Pi 4/5 | Linux işlədən kompüter |
| 5 V sensorlarla ən asan başlanğıc | Arduino Uno | 5 V məntiq, ən çox nümunə |
Orijinal, yoxsa klon?
Klon platalar orijinallarla eyni çipdən istifadə edir və eyni şəkildə işləyir; qiymətləri daha aşağıdır. Fərq adətən USB çevirici çipdədir (CH340): kompüterə sürücü quraşdırmalı ola bilərsən. Orijinal plata almaq isə açıq mənbəli Arduino layihəsini dəstəkləməyin bir yoludur.
Başlanğıc üçün tövsiyəmiz
Elektronikaya təzə başlayırsansa, Arduino Uno ilə başla; əsas layihələrdə təcrübə qazandıqdan sonra internetə qoşulan layihələr üçün ESP32 əlavə et. Hər iki platanın bütün pinlərini, hansı pinin analoq, PWM, I2C və ya SPI olduğunu interaktiv pinout alətində müqayisə edə bilərsən.
Tez-tez verilən suallar
Arduino Uno ilə Mega arasındakı ən böyük fərq nədir?
Mega-nın çox daha çox pini (54 rəqəmsal, 16 analoq), 4 serial portu və 8 dəfə böyük proqram yaddaşı var. Uno daha kiçik və daha yayğındır; başlanğıc layihələrinin demək olar ki, hamısı üçün kifayətdir.
Uno üçün yazılmış kod Mega-da işləyirmi?
Çox vaxt bəli. Diqqət edilməli əsas fərq I2C və SPI pinlərinin fərqli yerdə olmasıdır (Mega-da I2C 20/21, SPI 50–53).
Nano ilə Uno arasında kod fərqi varmı?
Xeyr, hər ikisi ATmega328P istifadə edir; eyni kod işləyir. Arduino IDE-də plata kimi Nano-nu seçməyin kifayətdir. Köhnə Nano klonlarında "ATmega328P (Old Bootloader)" seçimi lazım ola bilər.
Arduino almalıyam, yoxsa ESP32?
Wi-Fi və ya Bluetooth lazım deyilsə və 5 V sensorlarla rahat işləmək istəyirsənsə, Arduino Uno. İnternetə qoşulan, telefondan idarə olunan layihələr quracaqsansa, ESP32 daha uyğundur və adətən daha ucuzdur.
Arduino dəstində hansı plata olmalıdır?
Başlanğıc dəstlərində Arduino Uno ən düzgün seçimdir; dərslərin və nümunələrin çoxu ona görə hazırlanır. Dəstin içində breadboard, LED, rezistor, düymə, potensiometr və bir neçə sensor olması kifayətdir.
Bu yazıdan sonra edə biləcəyin layihələr
Bütün layihələrə bax
LED yandırma
Elektronikanın ilk salamı: tək bir LED-i yandırıb söndürmək. Arduino LED-i çox qısa fasilələrlə yandırıb söndürür, işıq sürətlə qırpılır.

Arduino proqramçı klaviaturası
Kod yazanda eyni sətirləri təkrar-təkrar yazmaqdan bezmisənsə, bu kiçik klaviatura sənin qısayol klaviaturan olacaq.

2 Arduino ilə birtərəfli rabitə
İki Arduino-nu tək naqillə danışdırırsan: birindəki düyməyə basanda o birindəki LED yanır, bir daha basanda sönür.

ESP32 ilə LED yandırma
ESP32 ilə əsas GPIO çıxışından istifadəni öyrədir. LED-i rəqəmsal pindən yandırıb söndürərək yanıb-sönmə effekti əldə edirik. Arduino UNO-dakı klassik blink layihəsinin ESP32 versiyasıdır; Arduino mühitindəki əsas blink əmrləri eynidir, lakin ESP32-nin pin yerləşməsi və 3,3 V GPIO səviyyələri Arduino UNO-dan fərqlidir.

ESP32 Async veb server (LCD-də IP göstəricili)
Bu layihədə ESP32-ni eyni Wi-Fi şəbəkəsindəki telefonundan və ya kompüterindən idarə edə biləcəyin asinxron veb serverə çeviririk. ESPAsyncWebServer kitabxanası sayəsində server bir neçə sorğunu eyni anda emal edə bilir (klassik WebServer.h kimi tək sorğuda bloklamır). Brauzerdən ESP32-nin IP ünvanına qoşulub ON/OFF düymələrinə basaraq (/on və /off ünvanları) GPIO 5-ə qoşulu LED-i yandırıb söndürə biləcəksən.

Raspberry Pi Pico daxili LED-in yanıb-sönməsi (Pico və Pico W)
Raspberry Pi Pico seriyasının açılış layihəsi! Pico-nun üzərindəki yaşıl daxili LED-i yandırıb söndürərək platanın işlədiyini təsdiqləyirik; klassik "Hello World" tipli ilk təcrübə. Xarici komponent lazım deyil, Pico və USB kabeli kifayətdir. Kod MicroPython ilə yazılıb (Raspberry Pi Fondunun rəsmi dəstəklədiyi dil).

Raspberry Pi Pico svetofor (3 LED ardıcıl)
Qırmızı, sarı və yaşıl LED-lərlə real svetofor məntiqini canlandırırıq; Pico seriyasının 3 LED-ə keçən ilk layihəsi! Yaşıl 4 saniyə "keç", sarı 1,5 saniyə "hazırlaş", qırmızı 3 saniyə "dayan" və qırmızı+sarı 1 saniyə "yola düş" deyir (Avropa svetofor sxemi). Bu layihədə funksiya təyin etməyi (def all_off()), vəziyyət maşını məntiqini və çoxlu GPIO sinxronizasiyasını öyrənəcəksən.

L298N ilə Bluetooth idarəli maşın
Telefonunu pultə çevirib öz robot maşınını sür. Arduino, Bluetooth modulu vasitəsilə telefondakı idarəetmə tətbiqindən gələn əmrləri alır və mühərrik sürücüsü ilə təkərləri fırladır; maşın irəli…
Digər yazılar
BlueGrays tətbiqi
Bu dövrəni telefonunda addım-addım qur
Dövrə sxemi, kod və hissə siyahısı bir ekranda. 500-dən çox Arduino, ESP32 və Pico layihəsi səni gözləyir.
Telefonunla skan et
Kameranı koda tut; telefonunun tətbiq mağazası açılır.
ya da mağazada aç

